Əşrəf Muradoğlu

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Əşrəf Muradoğlu
Doğum tarixi 26 oktyabr 1925(1925-10-26)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 mart 1979(1979-03-11) (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi
İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu

Əşrəf Muradoğlu, bəzən Əşrəf Murad kimi qeyd olunur (tam adı: Əşrəf Əşrəfmurad Muradov; d. 26 oktyabr 1925, Bakı, Azərbaycan SSR, SSRİö. 11 mart 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan rəssamı. İxtisas təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda almışdır. Əşrəf Muradoğlu akademik təhsil alsa da, bütünlüklə onun yaradıcılığını ətraf mühitin, hadisələrin və insanların təsvirinə çox fərqli, akademik dəqiqlikdən uzaq olan bir bədii şərh – ifadə vasitələrinin mövcudluğu şərtləndirir. Rəssam milli qaynaqlardan, həm də avanqard sənət meylərindən bəhrələnərək özünəməxsus əsərlər yaratmışdır.

Həyatı[redaktə | əsas redaktə]

Uşaqlığı və erkən illəri[redaktə | əsas redaktə]

Əşrəf Muradoğlu 1925-ci il oktyabrın 26-da Bakıda anadan olub.[1] Ailəsi imkanına görə seçilən ailələrdən idi.[1] Uşaqlığı və yeniyetməliyi qayğılardan kənar keçib.[1] O, tələbə vaxtı fırça ilə işləyərkən həmin fırçanı öz bahalı kostyumlarının qolu ilə silərdi.[1] 1946-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.[2] 1948-ci ildə İ.E.Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəssamlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.[2] Bayram günlərində Əşrəf Leninqraddan Bakıya gələrək burada xalça sənətçisi kimi çalışırdı.[3]

1954-cü ildə institutu bitirib, diplom işində rus klassik məktəbinin "M.F. Axundovun M. Lermontovgildə" rəsm əsərini məharətlə mənimsəmişdir.[3] Leninqrad İnstitutunu bitirdikdən sonra Əşrəf Muradoğlu Bakıya qayıtdı.[3]

Yaradıcılıq illəri[redaktə | əsas redaktə]

Əşrəf Muradoğlu 20 il yaradıcılıq fəaliyyəti dövründə 50-dən çox əsər çəkmişdir.[3] Yazıçı Yuri Dombrovskiy qeyd edirdi:

" Bir dərəcə istedadı dahi şəxsiyyətdən fərqləndirir: 99 dərəcə istilikdə su yalnız isti olur, 100 dərəcədə qaynayır. Əşrəf bu tək dərəcəni asanlıqla və sərbəst şəkildə keçdi. İnanıram ki, şübhəsiz ki, Əşrəf Muradı dünyada tanıyacaqlar.[3] "

Əşrəf Muradoğlunun çəkdiyi əsərlərin personajları gah sənəmləri, gah yarımallahları, gah da yarımiblisləri xatırladır.[2] Yaratdığı obrazlarda olduğu kimi, onun da qəlbində mübarizə gedir, bu – işıq və qaranlıq, xeyr və şər arasında sürən əbədi mübarizədir.[2]

O, 1958-ci və 1960-cı ildə Bakıda Respublika bədii sərgisində iştirak edib.[2] 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündəki sərgidə iştirak edib. 1961-ci ildə Bakıda "Bizim müasirimiz" respublika sərgisində iştirak edib.[2] 1963-cü və 1966-cı ildə Bakıda Respublika payız sərgisində iştirak edib.[2] 1965-ci ildə Bakıda "Sülhün keşiyində" respublika sərgisində iştirak edib.[2] 1970-ci ildə Bakıda Vladimir Leninin anadan olmasının 100-illiyinə həsr edilmiş respublika sərgisində iştirak edib.[2] 1975-ci ildə Bakıda "Qələbənin 30-illiyi"nə həsr olunmuş respublika sərgisində iştirak edib.[2] 1976-cı ildə Bakıda "Əməyə eşq olsun" respublika sərgisində iştirak edib.[2]

O, 1947-1954-cü illərdə Rusiyada tələbə ikən tətillərdə Bakıya gəlir və sifarişlər qəbul edirdi.[1] Dostlarının xatirələrinə görə, o, Bakıda ən çox sifariş alan rəssam idi.[1] Sifarişlərinə də əyləncə naminə yanaşar, çox enerji sərf etmədən rəsmlər çəkirdi.[1] Qazandığı pulları isə o zaman artıq kasıblamış ailəsinə və boyalara sərf edərdi.[1]

1960-cı illərin sonlarında Əşrəf Muradoğlunun həyatında təkcə həyatını deyil, işini tamamilə başqa bir istiqamətə çevirən bir hadisə baş verdi.[3] Bir gün o və dostları polis tərəfindən şən və sərxoş olmağına görə tutulmuşdu. Əşrəf qəzəblənməyə ən çox hiddətlənən olduğundan, polis tərəfindən döyüləndən ağır döyülmüşdür.[3] Onun qardaşının sözlərinə görə, o əsgər çəkmələrindən başına bir neçə ağır zərbə almışdır.[3] Sağlamlığını yaxşılaşdırmaq üçün sənətkarı psixiatrik xəstəxanaya apardılar.[3] Polis tərəfindən döyülmələsindən sonra sənətkar psixoloji zərbə almışdır və tərzini tanınmaz dərəcədə dəyişdirmişdir.[3] Onun qazanc gətirməyən avanqard portretləri isə bir çox rəssam tərəfindən tənqid olunurdu.[1]

"İdmançı qız". 1975-1976-ci illər

Rəssam Fərhad Xəlilovun xatirələrinə görə, Əşrəf Muradoğlu öz rəsmlərini adətən sənətçilər olduğu kimi rulonlara bükməz, onları bir yerə qoyur və sonra dörd qat qatlanmış bir kətan üzərinə yeni bir şəkil çəkə bilirdi.[3]

Əşrəf Murad Bakının İnşaatçılar Prospektində kiçik bir atelyesini evi və iş yeri kimi istifadə edirdi.[3]

Ölümü[redaktə | əsas redaktə]

11 mart 1979-cu ildə Bakı şəhərində vəfat edib.[2] 1997-ci ildə rəssamın emalatxana-evinə onun qonşusu köçdü və evin içində olan əşyaların hamısını çölə ataraq, tabloları yandırdı.[1]

Şəxsi həyatı[redaktə | əsas redaktə]

Bakıda ilk Mersedes maşının sahibi idi.[4] Caz həvəskarı idi və saçlarını o vaxtın dünya cazmenləri kimi düzəldirdi.[4]

Əşrəf Muradoğlu gənc yaşlarında bir çox qadının diqqətini cəlb etsə də, Sevil adlı xanımı sevirdi.[1] O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən sevdiyi xanımı qaçırırlar.[1] Bu olay onu psixoloji cəhətdən çox sarsıdır və o, həyatının sonuna qədər ailə qurmamışdır.[1]

İrsi[redaktə | əsas redaktə]

"Lenin Smolnıda", 1970-ci illər

1984-cü ildə Əşrəf Muradoğlunun ölümündən sonra Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ilk fərdi sərgisi keçirilib.[2]

Əşrəf Muradoğlunun "Tehran konfransı" (kətan, yağlı boya, 107x140 sm) və "Lenin Smolnıda" (kətan, yağlı boya, 130x117 sm) əsərləri Bakı İncəsənət Mərkəzi tərəfindən 1988-ci ildə alınıb.[5] 2013-cü ilin sentyabr ayında Əşrəf Muradoğlunun Bakı İncəsənət Mərkəzinin fonduna məxsus "Tehran konfransı" və "Lenin Smolnıda" əsərləri oğurlanıb.[5]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Əsərləri oğurlanan rəssamın müəmmalı və sirli həyatı:". www.anl.az. www.anl.az. İstifadə tarixi: 29 oktyabr 2019.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "ƏŞRƏF MURAD". nar-gallery.com/. nar-gallery.com/. İstifadə tarixi: 29 oktyabr 2019.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Ашраф Мурад - выдающийся художник Азербайджана". www.ourbaku.com. www.ourbaku.com. İstifadə tarixi: 29 oktyabr 2019.
  4. 1 2 "Cazmen, yürüşcü və nəhayət, gözəl rəssam…". trend.az. trend.az. İstifadə tarixi: 29 oktyabr 2019.
  5. 1 2 "Azərbaycanda məşhur rəssamın tabloları oğurlandı". www.azadliq.org. www.azadliq.org. İstifadə tarixi: 29 oktyabr 2019.